AZ | EN | فارسی | RU

Yeniliklər

23 .08 .2010

İsrail İrana hərbi müdaxiləyə hazırlaşır? ətraflı

20 .08 .2010

Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi ətraflı

28 .07 .2010

Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər ətraflı

19 .07 .2010

Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır ətraflı

Axtarış

 

Ünvan

Yeniliklər


28 -07 -2010 . Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər

Son zamanlar Emənistan və İsrail arasında əlaqələr nəzərə çarpacaq dərəcədə canlanmışdır. İki ölkə arasında əməkdaşlıq, xüsusilə İsrail–Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda ciddi şəkil almaqdadır. Hələ 2006-cı ildə Tel-Əvivdəki Şərqi Avropa və MDB ölkələri İnstitutunun direktoru, XV çağırış Knessetin deputatı (1999–2003-cü illər) Aleksandr Tsinker erməni qəzeti “Nuhun gəmisi”nə verdiyi müsahibədə qeyd edib ki, Ermənistan və İsrail arasında ədavət üçün heç bir səbəb yoxdur.

 

A.Tsinker 1999-cu ildə “İsrail–Ermənistan” parlament dostluq qrupunun yaradılmasının əsaslarında durmuş, onun ilk sədri olmuşdur. Digər Knesset deputatları arasında ilk dəfə olaraq o, İsrail tərəfindən erməni genosidinin tanınmasının zəruriliyi haqqında məsələ qaldırmışdır. Aleksandr Tsinker 28 il İrıvanda yaşamış, məktəbi və Politexnik institutunu orada bitirmiş, Ermənistanda işləmişdir. 1990-cı ildə İsrailə köçmüşdür.

A.Tsinkerin dediyinə görə, əvvəllər Ermənistan və İsrail arasinda istənilən dialoq cəhdi (hansı ki, belə cəhdlər dəfələrlə olub) Türkiyə və ya İran tərəfindən “xəyanət” kimi qəbul edilmiş və güclü təzyiq nəticəsində qarşısı alınmışdır. Lakin, onun sözlərinə görə, “son zamanlar vəziyyət dəyişib, Ermənistan öz partnyorlarına daha geniş baxmağa başlayıb”.

Ermənistanın İsrail ilə münasibətlərinin inkişafı Avropa İttifaqı və ABŞ ilə əlaqələrin dərinləşməsinin davamı olmuşdur. Əlaqələrin canlandırılmasına yönəlmiş kurs artıq 2003-cü ildə həm BMT, həm də hökümətlərarası səviyyədə ifadə edilmişdir. A.Tsinker xüsusilə qeyd edir ki, əgər əvvəllər İsrail və Ermənistan diplomatlarının səfərləri KİV tərəfindən diqqətdən kənarda qalırdısa, indi İrəvan yəhudi dövləti ilə əməkdaşlığın inkişafını marağı açıq şəkildə nümayiş etdirir.

Artıq 2005-ci ilin may ayında ikitərəfli əlaqələrin tarixində ən böyük addım sayılan, bütün Ermənilərin Katolikosu İkinci Qareginin, Ümumdünya Erməniləri Konqresinin sədri Ara Abramyanın, müdafiə naziri Serj Sarkisyanın, həmçinin Ermənitanın bir sıra yüksək səviyyəli diplomatların, nüfuzlu iş adamlarının, görkəmli mədəniyyət və incəsənət xadimlərinin də daxil olduğu 80 nəfərdən ibarət Erməni nümayəndə heyəti Qüdsə səfər etmişdir.

Səfərin nəticələrinə görə, bütün Ermənilərin Katolikosu “Yəhudilər və Ermənilər arasında münasibətlərin yeni erasının başlandığını” bəyan etdi. 2005-ci ilin noyabrında İkinci Qareginin dəvəti ilə İsrailin baş ravvini Yona Metsger və “İsrail–Ermənistan” parlamentlərarası qrupunun sədri Yuri Ştern Ermənistana gəlmişdir. Onlar hər ikisi “XX əsrin ilk genosidi qurbanlarının memorialına” baş çəkmiş və burada Yona Metsger belə qeyd etmişdir: “Türkiyədə Ermənilərin başına gələnləri göz yaşını saxlayaraq xatırlamaq mümkün deyil”. Öz növbəsində Yuri Ştern “Ermənilərin soyqırımını tanıdığını” bəyan edib. Erməni ekspertlərinin qeyd etdiyinə görə, İran və Türkiyə tərəfindən qıyqacı nəzərlərə baxmayaraq bu gün Ermənistan və İsrail arasında münasibətlər getdikcə daha çox sahmana düşür.

Ekspertlərin fikrincə, İsrail və Ermənistan arasında yüksək texnologiya məhsullarının istehsalı və ticarəti sahəsində əməkdaşlıq böyük perspektivə malikdir. Məsələ ondadır ki, İsrail yüksək texnologiya məhsullarıınn ixracına görə dünyada üçüncü yeri tutur, Ermənistan isə öz elektronika mütəxəssisləri və proqramistləri ilə həmişə məşhur olub. Eləcə də turizm, oyun biznesi sahəsində də əməkdaşlıq imkanları mövcuddur.

Əlaqələrin inkişafı İsrail tərəfinin xahişinə görə Erməni KİV-də Fələstin ərazilərindəki intifadaların birtərəfli işıqlandırılması məsələsəinə son qoyulmasına səbəb olmuşdur. Hazırda Erməni KİV-i “İsarilin öz təhlükəsizliyinin təmin edilməsi yönündəki qanuni fəaliyyətlərinə” daha böyük loyallıq göstərir.

Erməni-İsrail dialoqunun dərinləşməsində diaspor təşkilatları mühüm rol oynayır. Ermənistan Respublikasının İsraildəki fəxri konsulu Tsolak Momcyanın məlumatlarına görə, bu gün bu ölkədə 15 minə yaxın Erməni yaşayır. Qüdsdən başqa Yaffa, Hayfa, Bat-Yan və Ramat-Qanda mütəşəkkli icmalar formalaşıb. Qüdsdə, Yaffada və Hayfada Erməni klubları uğurla fəaliyyət göstərir.

Erməni icmasının mərkəzi Qüdsdəki Qədim şəhərin Erməni məhəlləsidir. Erməni məhəlləsində hələ 7-ci əsrdə əsası qoyulmuş Erməni Apostol kilsəsinin Qüds Patriarxiyası, Müqəddəs Akop məbədi, Patriarxiya kitabxanası, Osmanlı imperiyasında erməni genosidi muzeyi, ruhani seminariya, monastır və bir sıra kilsələr yerləşir. Müxtəlif mənbələrin məlumatlarına görə, Ermənilər Fələstində çar Böyük Tiqranın (e.ə. I əsrə qədər) dövründən yaşamış və qonşuları ilə daim mədəni və iqtisadi əlaqələrdə olmuşdular.

Yəhudi universitetinin Erməni tədqiqatları Mərkəzinin rəhbəri doktor La Portun fikrincə, Ermənistan və Ermənilik həm İsraildə, həm də Fələstində, o cümlədən Erməni məhəlləsi və Erməni Patriarxiyası ilə bağlı məsələlərdə sivil, siyasi və hüquqi maraqlara malikdir.

İsraildə yaşayan ermənilərin əksəriyyəti ölkəyə inteqrasiya edərək özlərini çox yaxşı hiss edirlər. İsrail Erməniləri İttifaqının sədri Abraam Çopikyan bir dəfə belə söyləmişdir: “Burada mənim nəvələrim yaşayır və mən İsraili əlimdə avtomat qorumağa hazıram”.

İsrail Erməniləri Qüdsə turistlərin axınının kəskin azalmasına səbəb olan Fələstin xalqının üsyanına qarşı həmişə çıxış etmişdilər. Ermənilərin İsrailin siyasətinə loyal münaisbətindən bu fakt aydın xəbər verir ki, Qüdsün azad edilməsi zamanı Erməni məhəlləsi İsrail ordusunu birbaşa Ağlama Divarına (Qərb divarına) çıxmaq üçün öz ərazisindən buraxmışdır.

Təbii ki, Ermənistanda İsrailin “Erməni genosidini” əvvəl-axır rəsmi tanıyacağına böyük ümidlər bəsləyirlər. İsrail Knessetində bu məsələni dəstəkləyən deputatlar qrupu mövcuddur. İsrailin baş ravvininin “Erməni genosidini” tanıması faktı bu faciənin ölkə rəhbərliyi tərəfindən də tanınmasına növbə çatacağını istisna etmir.

Həm Ermənistanda, həm də İsraildə bir çoxları əmindilər ki, “Yəhudilər və Ermənilər döğma qardaş olmasa da, ən azı əmi uşağıdılar”. Bu səbəbdən onlar ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə məhkumdurlar.

Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi xüsusi xidmət oraqanları xətti üzrə də əməkdaşlığın güclənməsində biruzə olunmaya bilməzdi. Belə ki, İsrail İrana qarşı kəşfiyyat işlərinin genişləndirilməsi üçün Ermənistan ərazisindən istifadə etmək imkanı əldə etmişdir. Bununla bərabər, Ermənistan və İran arasında ticarət əlaqələri İsrailin maraqlarında fəal surətdə istifadə olunur.

Regiondakı son hadisələr İsrailin Ermənistana etibarını yalnız möhkəmləndirdi. Məsələ ondadır ki, rəsmi İrəvan “Dünya donanması” ətrafında Türkiyə və İsrail arasında yaranmış qalmaqalda Yəhudilərin tərəfində çıxış etdi. Belə ki, 2010-cu ilin iyununda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QİƏT PA) gündəliyinə Türkiyə, Azərbaycan və Rusiya tərəfindən irəli sürülmüş Aralıq dənizində “Dünya donanmasının” ələ keçirilməsi üzrə İsrailin hərəkətlərini pisləyən qətnaməni Ermənistan rədd etdi.

Panarmenian.net saytının məlumatına görə, bu barədə 8 iyunda İrəvanda mətbuat konfransında məlumat verən Erməni nümayəndə heyətinin QİƏT PA-dakı üzvü Areq Qukasyan söyləmişdir ki, Türkiyə, Azərbaycan və Rusiya İsrailin Aralıq dənizindəki hərəkətlərini pisləyən qətanaməni gündəliyə daxil etmək istəmişlər. Ermənitanın qərarı bir çox nümayəndə heyətləri tərəfindən narazılığa gətirib çıxarmışdır. “Bəlkə də İsrail məzəmmətə layiq addım atmışdır, lakin əgər blokadaya İsrail tərəfindən son qoyulmursa, o, heç kim tərəfindən dağıdılmalı deyil”.

İsrailin nüfuzlu rusdilli “Izrus.Ru” internet resursunun qeyd etdiyinə görə, “Ermənistan İsrailin Türkiyə ilə hazırki münaqişəsində hər hansı bir tənqiddən qaçan çox az ölkələrdən olmuşdur”. Eyni zamanda, vurğulanır ki, “donanmanın ələ keçirilməsinin məzəmmət etməyən Ermənistanın susması bir çox İsraillinin gözündə bu Cənub Qafqaz respublikasına rəğbəti yalnız artırmışdır”.

Yəhudi KİV-i göstərir ki, İsrailin regionda iki dostu vardır – Ermənilər və Kürdlər. Kürdlərə gəldikdə, onlarla İsraillilər artıq çoxdan işləyir. Hələ 2004-cü ilin iyulunda Londonda nəşr olunan Ərəb elektron qəzeti “Elaf” məlumatlı Fələstin mənbələrinə istinadən xəbər vermişdir ki, “İraq Kürdüstanı”nın başçısı Məsud Bərzani və o vaxtkı baş nazir Ariel Şaron arasında “suveren Kürd dövlətinin tanınmasının vaxtı yetişdiyi mövzusunda” danışıqlar aparılmışdır. Məsləhətləşmələrdə həmçinin müdafiə naziri Şaul Mofaz da iştirak etmişdir.

Məlumdur ki, bu görüşdən sonra “İraq Kürdüstanı”nın paytaxtı Ərbil şəhərini İsrail “Mossad”ın rəhbərinin müavini ziyarət etmişdir. 2009-cu ilin sentyabr ayında isə İsrailin o vaxtkı xarici işlər naziri Tsipi Livni bəyan etmişdir ki, “Qüdsün strateji dostunun Kürdlər olacağı zaman uzaqda deyildir”. O, qeyd etmişdir ki, İsrail “Kürdləri həmişə dəstəkləmiş və həmişə onlarla sıx münasibətlərə malik olmağı istəmişdir”. Nazirin sözlərinə görə, “Kürdlər müstəqil demokratik dövlətə layiqdirlər və onlar buna sahib olacaqlar”.

Yəhudilərin və Kürdlərin rəğbəti qarşılıqlıdır. Ötən ilin payızında İraqın şimalındakı Kürd əhalisi arasında aparılan sosioloji sorğunun nəticələri göstərmişdir ki, yerli sakinlər Ərbil və Qüds arasında strateji münasibətlərin qururlmasını istəyirlər. Kürd muxtariyyətinin 87,5% sakinləri hesab edirlər ki, İsrail ilə münasibətlər onların gələcək dövləti üçün səmərəli olacaqdır.

Ərbil və İrəvan arasındakı münasibətlər də qarşılıqlı faydalı olmağı vəd edir. Məsud Bərzani adminstrasiyasının Ermənistan rəhbərliyi ilə əlaqələri hələ ki, kifayət qədər səthidir və adətən vasitəlidir. Lakin muxtariyyətin rəhbəri ermənilərə öz xüsusi münasibətini gizlətmir. Bu xüsusilə onda ifadə olunmuşdur ki, parlament seçkiləri ərəfəsində o, Kürdüstanın Erməni icmasına deputata mandatının verilməsini israr etmişdir. (Milli kvota üzrə parlamentə Erməni Aram Şahin Davud Bakoyan seçilmişdir).

Bu yaxınlarda Erməni “Daşnaksütyun” partiyası rəhbərliyi nümayəndə heyəti Ərbildə olmuşdur. Erməni partiyasının nümayəndələri Kürd Vətənpərvər ittifaqının üçüncü qurultayının işində iştirak etməyə dəvət olnmuşdular. Qurultayda çıxış edən “Daşnaksütyun” rəhbər orqanının üzvü Mkrtıç Mkrtıçyan partnyorluq və hətta müttəfiq münasibətlər üçün çox ciddi potensialın olduğunu qeyd etmişdir. “Bizim xalqların ümumi təcrübəsi göstərir ki, hər dəfə biz bir-birimizə qarşı çıxış etdikdə hər ikimiz ciddi zərər çəkmişik, və hər dəfə biz əməkdaşlıq etdikdə biz qismən də olsa, öz hüquqlarımızı qoruya bilmişik. Tarixin faciəvi dərsləri bizim gələcək münasibətlərimizi idarə edəcək. Birlik – həqiqətən də davamlılıq üçün şərtdir”, - deyə o, bildirmişdir.

Erməni ekspertlərinin qeyd etdiyinə görə, Yəhudiləri, Erməniləri və Kürdləri birləşdirən “üçlər ittifaqı” bütün tərəflər üçün ciddi perspektivlərə malik ola bilər. Görünür ki, regionda “Türkiyə və İranın məqsədlərinə effektli cavab vermək üçün yalnız birliyin təmin edilməsi” düşüncəsi yaranmağa başlayır.

“Elektron Yəhudi ensklopediyası”nda Erməni və Yəhudi xalqlarının taleyinin birliyi konkret tarixi misallar əsasında göstərilmişdir. Məsələn, qeyd olunur ki, Fars şahı II Şapur Erməni şəhərlərinin sakinlərinin kütləvi şəkildə zorla İrana köçürülməsinə başladığı zaman (360 – 370-ci illər), Ermənistan şəhərlərinin mühüm hissəsi Yəhudilərdən ibarət idi. İddia olunur ki, “Yəhudilər üç şəhərdən: Yervandaşat, Van və Naxçıvandan sürgün edilənlər arasında əksəriyyət təşkil edirmiş”.

Həmçinin o da vurğulanır ki, Erməni–Yəhudi əlaqələri uzun tarixə malikdir. Səlnamələrə görə, Amatuni, Mamikonyan feodal nəsilləri, eləcə də Ermənistan çarı Baqaratuni nəsli Yəhudi əcdadlara gedib çıxır. Əfsanəvi “azad Yəhudilər” məskənlərinin mövcudluu haqqında orta əsr və sonrakı dövr səlnamələrində Ermənistan mühüm yer tutur.

Yeni dövrdə Yəhudilər Ermənistan ərazisində İrəvan xanlığının (1828) və Qars vilayətinin (1878) Rusiyaya birləşdirilməsi ilə peyda olmuşdular. Ermənistan oturaq həyat hüduduna daxil edilmirdi, lakin 1897-ci il siyahıya alınmasına görə, İrəvan quberniyasında 1032 Yəhusi və 13 Karaim vardır (əhalinin ümumi sayı 800 mindən artıq), Qars vilayətində isə (1921-ci ildən Türkiyənin tərkibində) 1204 Yəhudi yaşayırdı (əhalinin ümumi sayı 27 856 nəfər).

Paralellər apararaq “Elektron Yəhudi ensklopediyası”nın müəllifləri yazır: “Ermənilərin böyük hissəsi Ermənitanının hüdudlarından kənarda yaşayır. Erməni diasporu daha çox Yəhudi disaporunu xatırladır. Hər iki xalq öz dövlətini itirmiş, əsasən şəhərlərin sakinlərinə çevrilmiş, oxşar miqrasiya yolları ilə köçmüş, hökmdarlardan xüsusi imtiyaz xartiyaları almış, öz icma təşkilatlarını yaratmış, assimilyasiya və məhv olma təhlükəsi altında qalmış, geniş şəkildə dağınıq yaşayan xalqların çox zaman qarşılaşdığı saxta ittihamların qurbanına çevrilmiş, və yəhudilər kimi təqiblərə və zülmlərə məruz qalmışdır. Ukraynada Yəhudilər kimi erməniləri də onda ittiham edirdilər ki, onların yabançı rəqiblərə qarşı icma həmrəyliyi yerli əhali sıralarından olan tacir və sənətkarları müflisləşdirir. Yəhudilər kimi Ermənilərin də qırğını istismar edilən kütlələrin qəzəbinin nəticəsi kimi yozulmuşdur”.

Dağıdıcı Spitak zəlzələsindən (1988-ci il, dekabr) fəlakətə məruz qalanlara humanitar yardım göstərən ölkələr arasında o zaman Sovet İttifaqı ilə diplomatik əlaqələrə malik olmayan İsrail də var idi; İsrail xilasetmə dəstəsi fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Ermənistanın müstəqilliyi bəyan edildikdən sonra (1991) iki ölkə arasında diplomatik münasibətlər yaradılmışdır.

1994-cü ilin dekabrında Ermənistanın xarici işlər naziri V. Papazyan İsrailə rəsmi səfərə getmişdir. 2000-ci il yanvarın sonu – fevralın əvvəlində Ermənistan prezidenti R. Köçəryanın başçılığı ilə Erməni nümayəndə heyəti Məsihin Mövludunun 2000-ci ilinə həsr olunmş tədbirlərdə iştirak etmək üçün İsrailə səfər etmişdir. Səfər zamanı Ermənistanın xarici işlər naziri V. Oskanyan və İsrailin xarici işlər naziri N. Şaranskiy kapital qoyuluşlarının stimullaşdırılması və qarşılıqlı müdafiəsi barədə müqavilə imzalamışdır.

1990-cı ildə İrəvanda “Arev” Erməni–Yəhudi dostluq cəmiyyəti təsis edildi; 1991-ci ildə Ermənistan Yəhudiləri icması yaradıldı (1993-cü ildə onun sədri Q. M. Burşteyn olmuşdur). 1991-ci ildə “Tora or” Yəhudi bazar günü məktəbi, 1992-ci ildə – axşam ieşivası yaradılmış, 1999-cu ildə sinaqoq açılmışdır. 1997-ci ildə “Koelet” həftəlik qəzeti çıxmağa başladı. Hər iki xalqın tarixi talelərinin ümumiliyindən və ölkələrin siyasi maraqlarından çıxış edərək rəsmi Ermənistan və ictimaiyyətin müəyyən dairələri İsrail və Yəhudi diasporu ilə qarşılıqlı anlaşmaya can atırlar.

1992–2001-ci illərdə Moskvada rüblük Erməni–Yəhudi “Nuh” məcmuəsi çıxırdı (Rus dilində); onun redaktoru və naşiri V. Varjapetyan 1995-ci ildə Moskvada yaradılan “Nuh” Erməni–Yəhudi klubunun prezidenti olmuşdur ki, bunun da məqsədi Ermənistan və İsrail arasında və Erməni və Yəhudi diasporu arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi idi.

2010-cu ilin aprel ayında Ermənistan və İsrail arasında yeni İrəvan–Tel-Əviv–İrəvan aviareysi açıldı. Öz növbəsində Erməni aviaşirkətinin prezidenti Mixail Baqdasarov müntəzəm reysin iki ölkə arasındakı əlaqələrin canlanmasına imkan verəcəyinə və Ermənilərin İsrailə səfərinin əhəmiyyətli dərəcədə yüngülləşdirəcəyinə ümid etdiyini söyləmişdir: “Ümidvaram ki, maraq ikitərəfli olacaqdır: Ermənitanın mədəni–tarixi yerləri İsrail vətəndaşlarında maraq oyadacaqdır”.

Göründüyü kimi, Ermənistan ilə İsrail arasındakı əlaqələr maraqlı xətt üzrə və maraqlı dinamika ilə inkişaf efir. Bu xəttə və dinamikaya təsir edən amillər də kifayət qədər mürəkkəbdir. Münasibətlərin mövcud xarakteri isə istər istəməz regindaxili və regionla bağlı qlobal siyasətə ciddi dərəcədə təsir edəcəkdir.